«Qarabağ münaqişəsini həll etməyin vaxtı çatıb»

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri səfir James Warlick

-
ANSPRESS-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri səfir James Warlick sentyabrın 10-da Bakıda keçirdiyi mətbuat konfransında deyib. Cənab Warlick bildirib ki, səfərin məqsədi Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır:
«Artıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Münaqişənin Helsinki yekun aktına əsasən həllini tapması vacibdir. Münaqişəni həll etmək üçün hər iki tərəfin siyasi iradə nümayiş etdirməsinin, cəsarətli addımlar atmasının vaxtıdır. Öz həmkarlarımın da birgə fəaliyyəti davam etdirməsini səbirsizliklə gözləyirəm».

James Warlick kimdir?

James Warlick kimdir?

57 yaşlı James Warlick 2013-cü ilin avqustunda ATƏT-in Minsk qrupunun həmsədri təyin olunub.
Bundan əvvəl o, 2010-cu ildən ABŞ-ın Bolqarıstanda Fövqəladə və Səlahiyyətli səfiri olub.
Warlick 1977-ci ildə Stanford University-də Bakalavr dərəcəsi alıb. 1979-cu ildə Oxford University-nin Wadham Kollecində Siyasət üzrə Magistr dərəcəsinə yiyələnib.
2004-cü ildə Səfir L. Paul Bremer-in Bağdadda Baş Müşaviri kimi çalışıb.
APA-nın məlumatına görə, həmsədr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına köməkliyi səbirsizliklə gözlədiyini bildirib: «İyirmi ildən çox çəkilən əzab-əziyyət və nifrətə son qoymağın vaxtı çatıb».
Səfir əlavə edib ki, Azərbaycandan sonra Ermənistana da səfər edərək tərəflərin mövqeyini öyrənəcək. Səfirin Dağlıq Qarabağa da səfəri gözlənilir.
J. Warlickin yaxın zamanlarda Vyanada ATƏT-in baş katibi ilə görüşəcəyi bildirilir.
Regionda davamlı sülhə nail olmaq üçün bütün səylərini səfərbər edəcəklərini deyən J. Warlick bu həftə sonu ABŞ-a qayıdacaq və orada problemin həlli istiqamətində maraqlı tərəfləri məlumatlandıracaq.