Elektron xəritə hazırlanır

-
“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansında olan yüksək, orta və alçaq gərginlikli elektrik şəbəkələrinin bazası əsasında yeni elektron xəritə hazırlanır.
ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, elektron xəritədə yarımstansiyalar, transformator məntəqələri (TM), komplekt TM-ləri, kabel və hava xətləri haqqında dəqiq məlumatlar və onların mövcud vəziyyəti öz əksini tapacaq. Hər bir obyektin gücü, yaranma tarixi, istismara yararlılığı, ölçüsü və s. məlumatlar elektron xəritədə qeyd olunacaq. Şəbəkənin mövcud vəziyyəti barədə elektron formada daha əvvəlcədən məlumat əldə edilməsi onlara vaxtaşırı qulluq edilməsi və köhnəlmiş avadanlığın yenisi ilə əvəz olunmasına şərait yaradacaq.
Hazırda paytaxtın 6 rayonu elektron xəritəyə qoşulub. Bu ilin sonunadək layihənin başa çatdırılması nəzərdə tutulub.