Jurnalist prokurorluğa izahat verib

Yafəz Əkrəmoğlu

-

AzadlıqRadiosunun Naxçıvan müxbiri Yafəz Əkrəmoğlu avqustun 27-də Xəzər Rayon Prokurorluğunda izahat verib.

Jurnalist Türkiyədə baş verənlər, Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin ona qarşı hədələri, Lider TV-də və «Səs» internet televiziyasında Naxçıvan sakinləri ilə telefon danışığının qanunsuz yazılaraq, efirə verilməsi ilə bağlı izahat yazıb. Və adı çəkilən qurumlardan şikayətçi olduğunu bildirib:

«Ortada müxtəlif cinayət tərkibli əməllər var. Şikayətimə bir əlavə də etdim. Türkiyədə mənə hücum edənlərdən birinin bu yaxınlarda Bakıda olduğunu bildirdim və həmin şəxsin əlaqə nömrələrini onlara verdim».

Jurnalistin fikrincə, bu iş Baş Prokurorluqda araşdırmalıdır. Çünki hadisələr tək Bakıda yox, bir neçə şəhərdə baş verib. O, işin rayon prokurorluğunda yox, Baş Prokurorluqda araşdırılmasını xahiş edib.

Yafəz Əkrəmoğlu bu ilin mayında Türkiyədə yaşayan naxçıvanlılardan reportaj hazırlayarkən izlənib, qonaq qaldığı evə bir neçə sakin hücum edib. Bundan əvvəl də jurnalist müxtəlif formalarda hədə və şantaj olunub.

Bununla bağlı jurnalist Baş Prokurorluğa müraciət edib, məsələnin araşdırılmasını istəyib.