Əsgərin elektrik cərəyanı vurmasından öldüyü deyilir

Azərbaycan ordusu daha bir əsgərini itirib. 20 yaşlı əsgər Tural Qazıyevin ötən gün elektrik cərəyanı vurması nəticəsində həlak olduğu bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi məlumata görə, hadisəyə ehtiyatsızlıq səbəb olub.

Mingəçevirdə yerləşən «N» saylı hərbi hissənin əsgəri Tural Qazıyev təsərrüfat işlərinə baxırmış.

1993-cü il təvəllüdlü T. Qazıyev 2013-cü ilin aprelində Bakının Xətai rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

«Doktrina» Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, bu ilin səkkiz ayı ərzində Azərbaycan ordusu 62 hərbçisini itirib. Onlardan 9-u döyüş şəraitində həyatını itirib, qalan 53 itki dinc şəraitdə baş verib.