16 əsrlik Alban məbədi

Qax rayonunun Qum kəndi ərazisində yerləşən IV–V əsrlərə aid üçnefli, günbəzli alban məbədi. Qədim Bizans memarlığındakı bazilika tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası da adlandırılır.

Bazilika Qax şəhərinin səkkiz kilametrliyində Qum kəndinin mərkəzində yerləşir.

Fələstinli xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edilir.

Bazilika planda 36,5 metr uzunluğa, 19,3 metr enə malikdir. Planda T şəkilli sütunların iki cütü və bir cüt pilastrlar üçnefli kompozisiyanı yaradaraq eyni zamanda günbəzli baraban üçün özül rolunu oynayır.

Divarlar göy və tünd yaşıl rəngə çalan çay daşlarından tikilib. Konstruksiyaların bəzi yerlərində bişmiş kvadrat kərpic istifadə olunub. Belə kərpicin və daşın qarışığı Qafqaz Albaniyasının I əsrə aid olan tikililərində mövcud idi. Məbədə konstruktiv möhkəmlik vermək məqsədilə sütunlar, tağlar və bəzi memarlıq elementləri bişmiş davamlı kərpicdən inşa edilmişdir.

Aydın plan, səliqə ilə yerinə yetirilmiş konstruksiyalar, yerli inşaat materiallarından məharətlə istifadə olunması, çaydaşı ilə kvadrat formalı bişmiş kərpicin uzlaşdırılması binanı yaratmış ustanın yetkinliyindən xəbər verir.

Bu möhtəşəm abidədən dövrümüzə yalnız onun əsas həcmi və bəzi yerlərdə dam örtüyünün hissələri gəlib çıxıb.

Abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunmuş və bərpa işləri aparılmışdır.