Təhsil Nazirliyi daha 29 namizədə müsbət qərar verdi

Prezident yanında Təhsil üzrə Komissiya Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd verən daha 29 namizəd barədə müsbət qərar verib.

Təhsil Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir ki, həmin tələbələr təhsilini Böyük Britaniya (19 nəfər), ABŞ (4 nəfər), Kanada (1 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), İspaniya (1 nəfər), Litva (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (9 nəfər), magistratura (19 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, kompüter elmləri, sənaye mühəndisliyi, turizm, biznesin idarə edilməsi, dövlət idarəçiliyi və siyasət kimi ixtisaslar üzrə davam etdirəcəklər.

Bundan əvvəl nazirlik 41 nəfər barəsində müsbət qərar vermişdi.

2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində təhsil almaq üçün sənəd qəbulu avqustun 15-ə qədər davam edəcək.