Rəsmi Tbilisi Gerard Depardieu-yə qəzəblənib

Separatçı Abxaziya rəhbəri Alexander Ankvab və fransalı aktyor Gerard Depardieu

-

Fransalı aktyor Gerard Depardieu Gürcüstanın «işğal olunmuş ərazilərə dair qanununu» pozaraq separatçı Abxaziyaya səfər edib.

Bu barədə iyulun 3-də Gürcüstanın Reinteqrasiya Məsələləri üzrə nazir müavini Ketevan Tsikhelashvili deyib. Depardieu səfərini Tbilisi ilə razılaşdırmadan iyulun 1-də Abxaziyanın paytaxtı Suxumiyə gedib və separatçı regionun rəhbərliyi ilə görüşüb.

Tsikhelashvili qeyd edib ki, Depardieu-nin hərəkəti ölkə qanunlarını pozduğundan cəza nəzərdə tutulur.

Abxaziya və Cənubi Osetiya özlərini 1990-cı illərdə müstəqil elan ediblər. Rusiya isə onların müstəqilliyini 2008-ci ildə Gürcüstanla silahlı münaqişədən sonra tanıyıb.

Gerard Depardieu bu ilin yanvarında Rusiya vətəndaşlığı alıb. O, bu addımı ölkəsində hakimiyyətə gəlmiş sosialist Fransa hökumətinin planlaşdırdığı kəskin vergi siyasətinə qarşı atıb.