Ağ Evlə Kreml arasında birbaşa telefon xətti heç vaxt olmayıb

Ağ Ev. Prezident Obama telefonla danışarkən

-

Britaniya mətbuatı yazır ki, superdövlətlər arasında birbaşa, xüsusi telefon xətləri heç vaxt mövcud olmayıb
Onilliklər boyu neçə nəsil inanıb ki, dünyanın aparıcı ölkələrinin liderləri, hətta Soyuq Müharibə illərində də xüsusi telefonun dəstəyini qaldırararq bir-birləri ilə danışıblar.
Bu təsəvvür, xüsusilə də ABŞ və SSRİ arasında Kuba böhranı zamanı formalaşıb.
Dünya üçüncü müharibənin astanasındadır, prezident Kennedy böyük qırmızı telefonun ağır dəstəyini qaldırır və Khrushchev-dən Kubaya raket göndərilməsinin dayandırılmasını tələb edir.
KENNEDY MOSKVAYA ZƏNG ETMƏYİB
Amma indi bəlli olur ki, belə bir şey olmayıb. Hər halda böyük qırmızı telefon olmayıb. Smithson Muzeyinin (Smithsonian Museum) məlumatına görə, Ağ Evlə Kreml arasında heç vaxt birbaşa telefon xətti olmayıb. Lakin teletayp xətti olub və mübadilə bu xətlə aparılıb. Həmin bu Kuba böhranına qədər…
Kuba raket böhranı zamanı ABŞ və SSRİ rəhbərliyi vəziyyətin son dərəcə qorxulu olduğunu nəzərə alaraq, belə bir qərara gəliblər ki, az qala yarım gün yol gedən teletaypa bel bağlamasınlar və “texniki baxımdan mümkün olan ən sürətli kommunikasiyadan” istifadə etsinlər.
Lakin hətta bu halda da, demək lazımdır ki, o vaxtkı texnologiya, birbaşa, kommutatorsuz telefon əlaqələrinə imkan vermirdi.
1963-cü il tarixli memorandumda deyilir ki, ABŞ və Sovet hökumətləri öz aralarında “texniki baxımdan mümkün sürətli kommunikasiyada” olmaq barədə qərara gəlib.
QIRMIZI TELEFON HOLLİVUDUN “İXTİRASI”DIR
Lakin söhbət telefondan istifadədən yox, telefonoqramların 10 min kilometrlik transatlantika kabeli vasitəsilə Vaşinqtondan Londona, oradan Kopenhagen, Stokholm, Helsinki vasitəsilə Moskvaya göndərilməsindən gedirdi.
Telefon xəttindən ilk dəfə prezident Lyndon Johnson Sovet liderləri ilə İsrailin 6 Günlük Müharibəsini müzakirə etmək üçün faydalanıb.
1980-ci illərdə Vaşinqton və Moskva arasında sürətli faks xətti, 2008-ci ildə isə optik lifli kabellərlə ötürülən elektron poçt əlaqəsi qurulub.
Bəs böyük qırmızı telefon necə olsun?
“The İndependent” yazır ki, onu Hollivud studiyalarının anbarlarında axtarmaq lazımdır.

Hazırladı: Zülfüqar Rüfətoğlu