Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvotanın artırılması gözlənilir

Həcc ziyarəti

-

Bu il Həcc ziyarəti üçün 1400 nəfərlik limit müəyyənləşsə də, 2200-dən çox şəxs sənəd verib.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu şəxslərdən bir qismi hələlik ziyarət xərclərini ödəmədikləri üçün ixtisara düşəcək və bununla bağlı onlara xəbərdarlıq edilib.

Buna baxmayaraq QMİ ziyarətə gedənlərin say çoxluğunu nəzərə olaraq nəzərdə tutulan 1400 nəfərlik kvotanı 2 minə qaldırmağı planlaşdırır.

Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və ötən həftənin sonu başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Ziyarət oktyabrın 2-də başlayacaq.

Bu il nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.