Göyçayda leysanın törətdiyi fəsadlar

Arxiv foto

-

Mayın 27-də axşam saatlarında Göyçaya yağan leysan yağışları şəhərdə bir sıra fəsadlar törədib.

Dağlardan gələn sel suları Göyçay şəhərində Heydər Əliyev prospektinin bir hissəsinə, Potu Kürd, Ərəbcəbirli və Şəhadət kəndlərinə ziyan vurub.

Güclü sel səbəbindən şəhərdə və kəndlərdə 100-dən artıq evin həyətyanı sahəsini, mənzillərin zirzəmisini, bəzi ictimai iaşə və sosial obyektlərin ərazisini su basıb.

Ərəbcəbirli kəndində sel bir neçə vətəndaşın fərdi həyətyanı sahəsindəki toyuq-cücəni aparıb. Həyətlərdə lilli gölməçələr yaranıb. Selin gücündən bəzi evlərin hasarları, yol kənarındakı sütunlar, arxlar üzərindəki kiçik körpülər dağılıb.

Gecə saatlarından səhərə qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 216-cı kilometrliyində yol bağlı qalıb.

Göyçay rayon icra hakimiyyəti başçısının müavini Yunis Osmanov artıq komissiya yaradıldığını, ziyan dəymiş ev, obyekt və sahələrə baxış keçirildiyini bildirib. Dediyinə görə, fəsadların aradan qaldırılması üçün işə başlayıblar.