İran şahının brilyantı 3 milyon dollara satıldı

Sarı brilyant

-
Mayın 14-də «Sotheby's» hərracında rekord qeydə alınıb.

İtalyan aktrisa Gina Lollobrigida-ya məxsus sarı brilyant Cenevrədə keçirilən auksionda karatı 40 min dollara satılıb.

Xəbəri Associated Press yayıb.

Brilyant 74.53 karatlıqdır.

İndiyədək onun sahibləri siyahısında İran şahı Əhməd Qacarın (hakimiyyət dövrü 1909—1925) da adı var.

Lotdan əvvəl 1.4 milyondan 1.8 milyon dollar arası satılması planlaşdırılan brilyant 2.985 milyon dollara alıcı tapıb.

Yeni sahibin adı, həmişə olduğu kimi, açıqlanmır.

Hərrac Evinin təmsilçisinin dediyinə görə, ünlü aktrisa Gina Lollobrigida bu brilyantı və digər zinət əşyalarını İtaliyada gerçəkləşdirmək istədiyi bir layihə üzündən satmaq istəyib. Bu, kök hüceyrələrin müalicəsi üzrə ixtisaslaşan klinika olacaq.

Xəbərdə deyilir ki, elə həmin gün aktrisanın kolleksiyasında olan «Bulgari» Evinin mirvari sırğaları da 2.39 milyon dollara satılıb.

Onun sırğalarını almaq istəyənlərin sayı isə, nə az-nə çox, düz 8 nəfər olub.
İtalyan aktrisa Gina Lollobrigida öz dövrünün populyar aktrisalarından olub.

O, filmlərdə oynayıb, fotojurnalistlik edib, heykəltəraşlıqla məşğul olub, kitablar yazıb, hətta siyasətə qatılıb.

Əfsanəvi aktrisanın 86 yaşı var və gördüyünüz kimi xeyirxah işlərinə ara vermir.