Ceylan «Qış yuxusu»na daldı

Nuri Bilge Ceylan

-
Məşhur türk rejissoru Nuri Bilge Ceylan-ın yeni «Kış Uykusu» filminin çəkilişlərini Avropa Şurasının «Eurimages» Fondu maliyyələşdirəcək.

Türkiyə mediasında bu xəbər «Türk sinemasında bir ilk!» başlığı ilə şərh olunub.

1989-cu ildə Avropa kinosunu irəlilətmək üçün qurulan «Eurimages» Fondu Almaniyada keçirdiyi toplantıda 13 layihəyə dəstək vermək qərarına gəlib.

«Kış Uykusu» filmi də onların arasındadır. Fond bu layihəyə 450 min avro ayırıb.
Filmi Türkiyə, Fransa və Almaniya ortaq hazırlayacaq.

Türkiyə mediasının yazdığına görə, «Uzaq», «Üç meymun», «Bir zamanlar Anadolu» kimi ekran əsərləri ilə şöhrətlənən Nuri Bilgə Ceylan artıq yeni filmin hazırlıqlarına başlayıb.

Filmdə Haluk Bilginer, Demet Akbağ və Melisa Sözen kimi məşhur aktyorların rol alacağı xəbər verilir.

Nuri Bilge Ceylan ötən il 64-cü Kann Film Festivalında «Bir zamanlar Anadolu» filminə görə münsiflər heyətinin böyük mükafatına layiq görülüb.