Rasim Qaraca. Mart şeirləri

Rasim Qaraca

-

Rasim Qaraca


Mart şeirləri


Nə qədər böyüklük var bu ağacda
biri gəlib baltalasa
səsini çıxarmayacaq...

*
Bəzən
çatlamış divarlarda da yazırlar:
“mən səni sevirəm”

*

Sən dəmiryol stansiyası kimisən
ikinizin də hörüklərində iki yetişməmiş vişnə var
qızılgül qoxuyur hər ikinizin nəfəsi
Perronda gəzişərək o baş-bu başa
qəribəliyinizi düşünürəm
hər ikinizin üzündə soyuq təbəssüm
və əlində bıçaq...

*

Gecə yağan bu yağışın damlaları
zülmət qaranlıqda
parıltısını haradan alırsa
ümidsizlikdən doğan bu misralar da
mənasını oradan...

*
Bir gün gələcək
yollarımız ayrılacaq
iki günəşli günlər başlayacaq
kədər dolu gecələrdə
göy üzündə iki ay...

*

Ayrılıq bu qədər acı olmazdı
yadıma düşməsəydi hərdən
birlikdə olduğumuz günlərdə
“hələ birlikdəyik” söyləmən...

*

Şairlər sevgini çox əlçatmaz etdilər,
göylərə, ulduzlara qaldırdılar...
halbuki o burada çox yaxında –
dəmlədiyin çayda,
qızartdığın kartofda və
yuduğun meyvələrdə imiş

*

Səni utandırmaq istəyirəm,
çünki utanmanı da sevirəm...

*

Xatirələr daha aydın görünür bəzən
göz yaşı pərdəsindən...

*
Dil-dil ötər kiçik sevgilər
böyüklərsə çox zaman
susqunluğa qapılar...

*

Iynəli sevgi anlarıdır
üstümdə düymə tikən qadının
toxunmaları

*