Mərkəzi Afrika Respublikasında üsyançılar prezident sarayını ələ keçirirlər

Arxiv foto

-
Mərkəzi Afrika Respublikasında üsyançılar ölkə paytaxtı Bangui-dəki prezident sarayının ələ keçiriblər.

Üsyançılar sarayı tutanda prezident Francois Bozize artøq ölkəni tərk etmişdi. «Biz sarayı ələ keçirib içəri daxil olanda artıq prezident içəridə deyildi»- üsyançılardan olan Colonel Djouma Narkoyo France Press agentliyinə deyib.Seleka üsyançıları martın 23-ü gecə saatlarında ağır döyüşlərdən sonra paytaxt Bangui-ə daxil ola biliblər. BBC-nin xəbərində deyilir ki, MAR prezidenti Konqo Demokratik Respublikasına gedib.
Prezidentin sözçüsü Gaston Mackouzangba təsdiq edir ki, üsyançılar artıq şəhəri tam nəzarətə alıblar: «Ümid edirəm, heç bir zorakılıq baş verməyəcək».- deyə əlavə edir.
Martın 23-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası MAR-ın paytaxtının hava limanına ordu göndərmək barədə qərar verib.

Məqsəd MAR-ı tərk etməyə can atan Fransa vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Martın 23-də fransalı rəsmilər MAR-dakı Fransa vətəndaşlarına evdən çölə çıxmamağı tapşırıblar.
Fransanın hazırda MAR-da 1250 nəfərlik hərbçi heyəti var.
Üsyançılarla MAR hökuməti arasında baş verən bu münaqişələr 2012-ci ilin dekabrından başlayıb.

Seleka üsyançıları prezident Francois Bozizeni sülh müqaviləsinin şərtlərin pozmaqda günahlandırırlar.

Seleka sözü yerli tayfalarının dili olan sango dilində «alyans», «koalisiya» deməkdir.