Monteneqroda Hüseyn Cavidə heykəl ucaldılacaq

Hüseyn Cavidin Bakıda heykəli

-
Hüseyn Cavidin xatirəsini Avropa ölkəsində əbədiləşdirmək üçün «AzMont» Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzi və Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi Podqoritsa şəhərində böyük ədibin büstünün ucaldılması təşəbbüsü ilə çıxış edib.

Bu barədə Hüseyn Cavidin Ev Muzeyi prezident.az saytına istinadən xəbər yayıb.

Xəbərdə deyilir ki, Monteneqro hökuməti, Podqoritsa meriyası və şəhər parlamenti ilə aparılmış müzakirələr nəticəsində 2012-ci il dekabrın 26-da şəhər parlamentində paytaxtın «Kral parkı»nda Hüseyn Cavidin büstünün qoyulmasına dair qərar qəbul olunub.

«Kral parkı» şəhərin mərkəzində yerləşir.

Layihəyə əsasən, parkda Hüseyn Cavidin büstünün qoyulması, giriş qapısında Azərbaycan və Monteneqro gerblərinin vurulması nəzərdə tutulub.

Podqoritsa şəhər parlamentinin 2013-cü il fevralın 12-də qəbul edilmiş qərarına əsasən, Hüseyn Cavidin bürüncdən büstü ağ mərmər postamentin üzərində qoyulacaq.