«REAL» sədrinin vəsatəti təmin olunmadı

İlqar Məmmədov

Martın 12-də Nəsimi Rayon Məhkəməsində «REAL» hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun vəsatətinə baxılıb. Bu barədə Azadlıq Radiosuna onun vəkili Cavad Cavadlı məlumat verib.

O bildirib ki, məhkəmə İ. Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müdafiə tərəfinin vəsatətinə baxıb və təmin etməyib:

«Biz bu qərarla bağlı 3 gün ərzində apellyasiya şikayəti verəcəyik. Bundan başqa isə artıq verilmiş həbs-qəti imkan tədbiri ilə bağlı qərardan da Avropa Məhkəməsinə şikayət göndərmişik».

«REAL» hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb.

O, yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

Məhkəmə İ. Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.