Türkanda torpaq davası 3 nəfərin həyatına son qoydu

-
Bakının Türkan qəsəbəsində silahlı insident baş verib.
Əməkdaşımızın məlumatına görə, hadisə martın 2-də axşam saatlarında baş verib.

Münaqişəyə səbəb torpaq mübahisəsinin olduğu deyilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 31 yaşlı Cabbar İbrahimov kəndlisi olan 3 qardaşı 1968-ci il təvəllüdlü Elman, 1970-ci il təvəllüdlü Taleh və 1972-ci il təvəllüdlü Bəhruz Zeynalovları güllələyib.
Onlardan ikisi dərhal ölüb, biri isə Sabunçu xəstəxanasına yerləşdirirlib.

Yaxınlarının sözlərinə görə, vəziyyəti ağır olan Bəhruz Zeynalov xəstəxanada keçinib.
Cabbar İbrahimovun qohumları AzadlıqRadiosuna deyiblər ki, torpaq münaqişəsi tərəflər arasında bir neçə ildir davam edir. Hətta iki il öncə Taleh Zeynalovun qarşı tərəfə güllə atdığını, ancaq güllənin yan keçdiyini söyləyiblər. Taleh Zeynalovun bu üzdən bir müddət həbsdə saxlandığı da bildirilir.
Qətli törədənin yaxınları deyiblər ki, Cabbar İbrahimovu hadisə yerinə Zeynalov qardaşları çağırıblar və o özünü müdafiə məqsədilə atəş açıb.
Zeynalovlar ailəsi isə AzadlıqRadiosuna bildiriblər ki, torpaq onlara məxsusdur və son görüşdə öz haqlarını qorumaq, danışıq yolu ilə məsələni həll etmək istəyiblər.
Hüquq-mühafizə orqanları Cabbar İmanovun saxlandığı bildirirlər.
Xəzər rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.