Ermənistanda seçki öncəsi “süküt günü”

Seçki məntəqəsi

-
Ermənistanda prezident seçkilərinə bir sutka qalmış «sükut günü» elan olunub.
Ölkənin Seçki Məcəlləsinə əsasən fevralın 16-da saat 24.00-dan sonra prezidentliyə namizədlərin təbliğat müddəti başa çatıb.
Şənbə günü gecəyarıdan ölkədə istənilən təbliğat qadağandır.
Seçki təbliğatı yanvarın 21-də başlayıb.

Namizədlərin ixtiyarında özlərini tanıtmaq və təbliğ etmək üçün 27 gün olub.
Prezident seçkilərində Mərkəzi Seçki Komissiyasının qeydə aldığı 8 namizəddən 7-i iştirak edə bilir: indiki prezident Serzh Sargsyan, keçmiş baş nazir, Azadlıq Partiyasının sədri Qrant Baqratyan, sabiq xarici işlər naziri, İrs Partiyasının sədri Raffi Ovanisyan, sovet dissidenti, Milli Müqəddərat Hərəkatının rəhbəri Paruyr Ayrikyan, tanınmamış Dağlıq Qarabağ Respublikasının keçmiş xarici işlər naziri Arman Melikyan, politoloq Andrias Qukasyan və eposşünas Vardan Sedrakyan.
Milli Həmrəylik partiyası sədri Aram Arutunyan fevralın 8-də namizədliyini geri götürüb.
Namizədlərdən biri Paruyr Ayrikyan seçki təbliğatı dövründə güllələnib. Bu üzdən seçkilərin təxirə salınması da gözlənirdi.
Prezident seçkiləri fevralın 18-də keçiriləcək. Seçki məntəqələri saat 8-dən axşam 20-dək açıq olacaq.
MSK 6883 müşahidəçini qeydiyyatdan keçirib. Onlardan 6251-i yerli, 632-i isə beynəlxalq qurumları təmsil edir.
Rəsmi məlumata görə, ölkədə 2 505 882 seçici var.