Venesuela prezidentinin sağlıq durumu «narahatedici»dir

Hugo Chavez

-

Venesuela prezidentinin vəziyyəti «xeyli narahatlıq yaradır». Bunu Hugo Chavez-in müttəfiqi, Boliviya prezidenti Evo Morales çərşənbə günü deyib. O, ümidini bildirib ki, dualar Chavez-in həyatını xilas edəcək.

Chavez dekabrın 11-də xərçəngdən əməliyyat olunub, hazırda Kubada bir xəstəxanada müalicə alır. Rəsmilərin dediyinə görə, əməliyyatdan sonra Chavez-in durumu ağırlaşıb. O, 2011-ci ilin ortalarından bəri dörd dəfə əməliyyat olunub. Sonuncu əməliyyatdan sonra ictimaiyyətə görünməyib.

Venesuela müxalifəti çərşənbə günü hökumətdən tələb edib ki, Chavez-in sağlamlığı barədə həqiqəti söyləsin. Demokratik Birlik koalisiyasının rəhbəri Ramon Aveledo-nun sözlərinə görə, hökumət yetərli informasiya vermir. Rəsmilər etiraf ediblər ki, Chavez yanvarın 10-da yeni prezidentlik müddətinin andiçmə mərasimi üçün Venesuelaya qayıtmaya bilər.