Hüseyn Paşayev: «Ramiz Mehdiyevin adı videoda dələduzlar tərəfindən hallandırılır»

Videodan kadr

-
Ötən həftəsonu sabiq deputat Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının üzvlüyündən çıxarılıb. İlkin məlumatda deyilirdi ki, Gülər Əhmədovanı YAP-ın Bakı Dövlət Universiteti üzrə ərazi təşkilatından çıxarıblar. Qanunla qadağan olunsa da, BDU-da hakim partiyanın özək təşkilatımı var?

Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev AzadlıqRadiosuna deyir ki, xəbərə sonradan düzəliş edilib: Gülər Əhmədova Zahid Xəlilov ərazi ilk təşkilatından çıxarılıb:

«O, daha deputat deyil. İş yerinə görə də deyiblər Bakı Dövlət Universiteti. O, Zahid Xəlilov ərazi ilk təşkilatından çıxarılıb. Bütün partiyaların rayon təşkilatları var. Rayon təşkilatlarının da özək təşkilatları olur. Biz «özək təşkilatları» adlandırmırıq, sadəcə «ərazi ilk təşkilatı» deyirik. Zahid Xəlilov ərazi ilk təşkilatı Bakı Dövlət Universitetinin ərazisindən başlayaraq keçmiş «Qələbə» kinoteatrına qədərki ərazini əhatə edir».

HÜSEYN PAŞAYEV: «BİR VAR KİMSƏ VİDEODA GÖRÜNÜR, BİR DƏ VAR ADI HALLANDIRILIR»

O ki qaldı, Gülər Əhmədovanın partiyadan çıxarılmasına, Hüseyn Paşayevə görə, bəlkə də bu, gecikmiş qərardır. Hakim partiyanın sözçüsü deyir ki, Gülər Əhmədovanı YAP üzvlüyündən mərkəzi təşkilat çıxara bilməzdi. Qərar ərazi ilk təşkilatında verilməliydi. Ola bilsin, ərazi təşkilatı bu müddətdə toplana və qərar verə bilməyib.

- Bunu kimisi vaxtında atılmış qərar adlandıra bilər, kimi də gecikmiş qərar. Ancaq ilk videogörüntülər yayıldıqdan az sonra YAP-ın sədr müavini Əli Əhmədov bəyanat verdi. Və qeyd olundu ki, Gülər Əhmədovanın hərəkətləri onun mənsub olduğu partiyanın məram və prinsipləri ilə daban-dabana ziddir. Buna görə də YAP-ı Milli Məclisdə təmsil edə bilməz. Bu gün də Gülər Əhmədovanın partiyadan çıxarılması həmən prosesin davamı kimi qiymətləndirməlidirlər.

- Amma istintaq indilik davam edir...

- Biz onu cinayətkar elan etmirik ki. Biz sadəcə hesab edirik ki, onun bu addımları, videogörüntüdəki söhbətlərdə iştirakı YAP-ın məramı ilə ziddir.

- O videogörüntülərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir. O da partiyadan çıxarılmalıdır?

Gülər Əhmədova

- Xeyr, Ramiz Mehdiyevin adı hansısa dələduzlar tərəfindən hallandırılır. Bir var konkret videoda kimsə görünür, bir də var kiminsə adı hallandırılır. Bu o demək deyil ki, adı hallandırılan şəxs həmən hadisələrdə iştirak edir. Son videogörüntü sübut edir ki, oradakı müzakirələr, söhbətlər sadəcə gülməlidir.

GÜLƏR ƏHMƏDOVA SUSUR

Eks-deputat Gülər Əhmədova isə uzun illərdir üzv olduğu partiyadan uzaqlaşdırılmasını şərh etmir:

- Mən münasibət bildirmirəm.

- YAP-ın bu davranışından incimirsiz?

- Suallara cavab verməyəcəm.

- Bakı Dövlət Universitetində işləməyə davam edəcəksizmi?

- Suallara cavab vermirəm...

«SON VİDEOLAR HAKİMİYYƏTİ BUNA VADAR ETDİ»

Hüquqşünas Hafiz Həsənov bu fikirdədir ki, YAP bu qərarı çoxdan, videogörüntüdəki qadının Gülər Əhmədova olduğu ekspertiza tərəfindən sübut ediləndən dərhal sonra da verə bilərdi. Hüquqşünasın bir ehtimalı var: bəlkə də partiya Gülər Əhmədovanı qorumaq istəyirdi. Ancaq son videogörüntülərin yayılması vəziyyəti dəyişdi:

«Açığı, gözləmirəm onu sərt cəzalandırsınlar. Amma görünür, bu addımlarla ictimai fikirdə nəyisə dəyişmək istəyirlər».

Zəfər Quliyev

Politoloq Zəfər Quliyev güman edir ki, ola bilsin, Elşad Abdullayevin yaydığı son videolar Gülər Əhmədovanın partiyadan uzaqlaşdırılması ilə bağlı qərarın verilməsinə təkan oldu:

«Hakimiyyət dairələri, YAP başa düşdü ki, bu videogörüntülərə reaksiya verməmək düz deyil. Birinci dəfə videolar yayılanda, hakimiyyət Gülər Əhmədovanı deputat mandatından məhrum etdi. Bununla da kifayətləndilər. Ancaq son videolar hakimiyyəti növbəti addıma vadar etdi, onu partiyadan uzaqlaşdırdılar. Ola bilsin ki, bu təzyiqlər hakimiyyəti üçüncü addım atmağa məcbur etsin. Prokurorluq daha ciddi araşdırmalara başlaya bilər. Ancaq istəməzdim bu işlər tək Gülər Əhmədova ilə yekunlaşsın. Onun hərəkətində cinayət varsa, videoda adı çəkilən başqa nüfuzlu məmurlarla bağlı da araşdırmalar getməlidir. Gülər Əhmədovanı qurban verməklə iş bitməməlidir».

NÖVBƏTİ KİMDİR?

Zəfər Quliyev istisna etmir ki, prezident seçkiləri ərəfəsində partiyadan və hakimiyyətdən daha bir neçə nəfər uzaqlaşdırıla bilər.

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, indi Fransada yaşayan Elşad Abdullayev sentyabrda Gülər Əhmədova ilə bağlı videogörüntü yayıb. Oradakı söhbətdən deputat seçilmək istəyən rektordan bir milyon dollar istənildiyi və bu pulun Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə çatacağı anlaşılır. Bu video yayıldıqdan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Faktla bağlı cinayət işi açılıb.

Elşad Abdullayev ötən həftə buna oxşar söhbətin təkrarlandığı daha bir video yayıb.