Yazılmamış roman satılır - Təcili...

-

“Hətta o şərtlə ki, heç vaxt üstünü vurmayım, kimsə o romanın mənim olduğunu bilməsin…”


Pərviz Cəbrayıl


YAZILMAMIŞ ROMAN SATILIR - TƏCİLİ...


(Rafiq Tağının əziz xatirəsinə)


Hələ orta məktəbdə oxuyanda böyük şair Məhəmməd Hadinin öz şeirlərini bir növ qəzetlərin indiki əl yayımı yoluyla satmasını oxuyub dəhşətə gəlir, belə bir şeyin mümkünlüyünə heç cür inanmaq istəmirdik. Şəxsən mən belə düşünürdüm. O mənzərəni gözümün qarşısına gətirəndə belə, dəhşətə gəlirdim. Adam öz yazdığını öz əliylə necə sata bilərdi axı?!!

Həmin anlarda şairin düşdüyü acınacaqlı psixoloji durumu gözümün qarşısında canlandırmağa çalışırdım. O, necə utanır, necə əzab çəkirdi! Şeirlərini oxuya-oxuya başını aşağı salıb gedir, gözünü hamıdan yayındırırdı.

İlk potensial alıcı səsindən diksinirdi. Alıcı ondan bir də yenidən həmin şeiri oxumasını “xahiş” edir, sonra daha birini, daha birini oxumasını istəyir, sanki onun satdığı pal-paltarı gözdən keçirirdi.

Hadi isə heç olmasa bir şeir sata biləcəyinə ümidini itirmir, sıxıla-sıxıla oxuyur, xəcalətdən əriyib yerə girirdi. Sonda isə on belə adamdan biri alıcı olur, ya olmurdu. Hələ şair onlara şeirlərinin mənasını da izah eləmək məcburiyyətində qalırdı. “Şair, yaman qəliz yazırsan e,- ona deyirdilər,- bax, filankəs, bəhmənkəs necə sadə yazır...” Şair bilmirdi özünün, ya bu adamların dünyada var olmasına lənət yağdırsın...

Həyatın səsləri guşimdə həp fəryad şəklində,
Bu insanlar ki qardaşdır və lakin yad şəklində.
Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində,
Müsibətlər, bəlalər, qüssələr abad şəklində...


***

Məhəmməd Hadi

Hadiyə yanarkən tale hərləyib-fırlayıb nə cürsə məni də söz yoluna saldı...
Bir gün məndən iki yaş böyük dostum Mübarizin mənsur şeirlər yazdığını eşitdim, alıb oxudum, təsirləndim və adi adamların da yaza biləcəyinə inandım. O günəcən mənə elə gəlirdi ki, adamlar anadan yazıçı-şair doğulurlar, onların alınlarında hamının görə biləcəyi şəkildə yazıçı, şair yazılır. Mübariz bu təsəvvürlərimin üstündən xətt çəkdi...

Hüquqşünas olub öz çapımda ədaləti qorumaq istəyirdim. O gündən hüququn daşını atdım, hər hansı ali məktəbə daxil olma fikrini beynimdən çıxardım. İbtidai məktəbim Mübariz, ali məktəbim, universitetim Füzuli, Dostoyevski oldu...

***

Elçibəyin dəfn günü, Elmlər Akademiyasının qarşısındakı vidalaşma törənində ilk kitabımın – “Öləngi”nin siqnal nüsxəsini aldım. Dəyərli dostlarım gizli yolla çap etdirmişdilər. Nəşriyyatlar kitabı çapa sevinə-sevinə götürsələr də, sonradan zəng vurub üzrxahlıq eləyirdilər. Bir kitabın qazancına görə çörəkdən olmaq istəmirmişlər...

Rafiq Tağının giriş sözüylə başlayırdı kitab. Bu gün yazıqlar olsun ki, Rafiq bəy cismən aramızda deyil. Ama sözü hələ də bizimlədi və zənnimcə, bundan sonra, gələcəkdə daha çox bizimlə olacaq. Rafiq bəy kitabıma yazdığı sözün sonunda elə bunu deyirdi: “...onun riyaziyyat ətirli “Öləngi” kitabı, lap deyək, indi olmasa da, gələcəkdə hökmən oxunacaq. Onsuz biz kitablarımızı gələcək üçün yazırıq...” (2000, iyul.)

Beləcə, mən də Hadinin taleyini yaşamağa başladım. Hadi əlində şeirləri yazılmış vərəqləri satırdısa, mən və mənim yaşıdlarım əlimizdə kitab gəzməyə başladıq. Fərqi yoxdu ki, mən o kitabı satmır, bağışlayırdım. Ama onun da bir haqqı vardı: istəmək. İstəyənə bağışlamaq. Əsas olan yazarın əlində kitab dolaşmasaydı. Ama bunu da bildim ki, kitabının bütün tirajını əlində gəzdirib hədiyyə vermək əlində kitab satmaqdan da ağırdı. Kitab hədiyyə vermək yazıçı ümidsizliyinin son nöqtəsidi. Şeir satmaq kitab hədiyyə verməkdən daha şükürlü. Hələ onu da kim bilir, Hadinin şeir satmasını da Sovetizm öz ideoloji çıxarları üçün uydurmuş olmayaydı... Rafiq Tağının çantasında daim iki-üç kitabı olardı və deyərdi: “Filankəs istəmişdi...” Və üzündə utancaqlıq nişanələri dolaşardı. Kitabı “yiyəsinə” çatdırandan sonra quş kimi yüngülləşərdi...

***

İkinci kitabım... bu zaman artıq Hadiyə daha yaxın idim. Şeir kitabıydı axı. Bu dəfə satışa verməyi düşünürdüm. Kitabçılar zəng vurub kitab istəyirdilər satış üçün və mən məcbur olub bazar zənbillərində, sonradan kitablar satılsa belə, haqqını ala bilməyəcəyim dükanlara, şəxslərə kitab daşıyır və Hadinin bizim yanımızda toya getməli olduğunu düşünürdüm.

Bunları yazmaqda məqsədim özüm haqda danışmaq deyil. Zənnimcə, bu gün kitablarımızı alan oxucunun haqqı çatır ki, onun yazarının yazılarını necə ərsəyə gətirdiyi haqda bilsin.

Ədəbiyyatdan anlayanlar bilir ki, yazmaq üçün, peşəkar yazıçı olmaq üçün xüsusi şərait və imkan gərəkdi. İki daracıq otaqda, ailə-uşaqla birgə roman yazmaq, onun incəliklərini düşünüb-daşınmaq, dəqiq struktur qurmaq mümkün deyil. Bəzən məktəbli övladlarla “davamız” belə düşür otaq bölgüsündə. Mən hələ həm də gündəlik ruzi üçün yazılan qəzet yazılarının necə vaxt aldığını, necə yorduğunu demir, incəliklərinə varmaq istəmirəm. Drayzerin “Dahi” romanını oxuyanlar, rəssam Yucinin necə əzablara qatlaşdığını, əsil rəssam olmaq istərkən nəşriyyat rəssamı kimi ömür çürütdüyünü,

Rafiq Tağı

kitablara illüstirasiyalar, reklam afişləri çəkdiyini və sonunda şirəsi çəkilmiş halda necə məhv olduğunu yaxşı bilirlər...

Normal, yazıçıların peşəkar olması üçün hər cür “infrastruktur”un olduğu ölkələrdə yazıçının səs-küy salan, satılan kitablarının hesabına yaxşı qonorar aldığı, bu qonorarla növbəti kitabacan yaşaya bildiyini də çoxları bilir. Azərbaycanda isə nə normal kitab satışından, nə kitab üçün yazıçının aldığı qonorardan söhbət gedə bilər. Burda yazıçı nəinki kitabına görə qonorar alır, əksinə, həm çəkiləcəyi tənha guşədə 1-2 ay özünün acından ölməmək qədərində yaşaması və ailəsinin də bu sürədə yaşaya bilməsi üçün hardansa bir miqdar para tapmalıdı. Əks halda romandan söhbət gedə bilməz. Mən hələ əsərin qaralaması bitdikdən sonra üstündə aylarla aparılan redaktə prosesində çəkilən sıxıntılardan danışmıram...

***

Artıq üçüncü romanımı (dördüncü kitabımı) yazmağa başlamaq ərəfəsindəyəm. Bir səfər planlaşdırmışam və onu da deyim ki, bu səfər sözə yüksək dəyər verən bir dostun evində yazacağıma görə kirayə haqqı ödəməyəcəm, ama yenə də yol xərci, siqaret... ailəni təmin eləmək...

Az qala iki ildi ki, o paranı tapmağın yolları haqda baş sındırıram. Bəzən xəyalımdan hansısa bankdan kredit, bəzən hansısa imkanlı yoldaşdan borc götürməyi düşünürəm. Xəyallar qururam. Bəzən ora qədər düşünürəm ki, mənə yalnız və yalnız bu romanı yazmaq lazımdı. Bilim ki, yazdım, təskinlik tapım. Ama borcumu qaytarmaq anını yadıma salanda tüklərim biz-biz olur. Bəlkə,- düşünürəm,- yazıb romanı kiməsə babat qiymətə satım və yeni bir roman üçün maddi şans qazanım? Romanımı bütün müəllif hüquqlarıyla birgə satım və hətta o şərtlə ki, heç vaxt üstünü vurmayım, kimsə o romanın mənim olduğunu bilməsin. İndi nə çoxdu ona-buna roman yazdırıb yazıçı kimi tanınmaq istəyən imkanlı xəstələr...

Hadi bizdən sonra yaşasa, bizi düşünüb ağlardı...

***

Bu gün müxalifət, içi mənqarışıq köşə yazarları “Azadlıq! Demokratiya!” deyirik. Eyni şeyi qarşı çıxdığımız hakimiyyət də deyir.

Bu günkü hakimiyyətin ədəbi təsərrüfat üçün heç nə etmədiyini bayaqdan yazıram. Onlarla məsələ aydındı. Ancaq məni bir yazıçı olaraq maraqlandırır: hakimiyyət dəyişərsə, müxalifət iqtidara gələrsə, bəs onlar ədəbiyyatın inkişafı, yazmaq üçün gərəkən infrastrukturun yaranması yönündə konkret hansı işləri görəcəklər? Mən bunu eşitmək və əmin olmaq istəyirəm. Mən yaşamaq istəyirəm. Mənim yaşamağım mənim yazmağımdadı. Əgər sabah da heç nə olmayacaqsa, indidən bilim və bir yolluq yaşamağın daşını atım. Qoy dünya onlara qalsın. Barı gedib Rafiq Tağıyla dərdləşərik. Onsuz da bəzən qatilin öldürə bilmədiyini həkimlər öldürür...

Qafqazinfo