Səfir: «Qarabağda aeroportun açılması regionda gərginliyi artıracaq»

-
«Ermənilərin Dağlıq Qarabağda hava limanı açması barədə məsələ yeni deyil və Rusiya tərəfi münaqişənin həllində iştirak edən digər vasitəçilərlə birgə bununla bağlı narahatlığını bildirib».

APA-nın «Interfax» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Dorokhin deyib.

Onun fikrincə, bu addım tərəflər arasında etimadın qurulmasına maneə yaradır və regionda gərginliyə səbəb olacaq:

«Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə töhfə verməyəcək».

V.Dorokhin hər iki tərəfin diplomatik addımlar atacağına ümidvar olduğunu bildirib:

«Düşünürəm ki, tərəflər hava gəmilərin vurulması barədə təhdidlərə yol verməyəcək və bu məsələni siyasiləşdirməyəcəklər».

Ermənistan Xocalı şəhərində tikilib bərpa edilmiş hava limanının bu yaxınlarda istifadəyə veriləcəyi barədə məlumat yayıb.