Məşhur pianoçu Twitter-də İslamı təhqir etməkdə ittiham olunur

Fazil Say

Türkiyənin dünyada tanınan pianoçusu, Nyu-York Filarmoniyasında, Berlin Simfonik Orkestri ilə konsertlər verən, Avropa Birliyinin xoşməramlı Mədəniyyət səfiri olan Fazıl Say bu gün məhkəmə qarşısına çıxarılıb.

İstanbulda keçirilən məhkəmədə pianoçunu İslami dəyərləri təhqir etmək və ictimai asayişi pozmaqda ittiham edirlər. Əgər günahı sübuta yetirilsə onu 1 il yarım həbs cəzası gözləyir.

Fazıl Sayı bir neçə Türkiyə vətəndaşının rəsmi şikayəti ilə məhkəməyə cəlb ediblər. Onlar iddia edirlər ki, pianoçu ictimai yerlədə çıxışlarında, o cümlədən sosial mediada yazdıqları ilə cəmiyyətin qəbul elədiyi İslami dəyərləri lağa qoyur və bununla da ictimai asayişi təhlükəyə atır.

Konkret olaraq Sayın Twitterdə yazdığı bir mesajdan şikayət olunur. Həmin twitdə pianoçu yazıb ki, müəzzin (azan verən) azanı 22 saniyədə bitirdi. Hara tələsirsən, sevgilin gözləyir, ya stolun üstündə rakı (araq) qalıb?”

İndi bir sıra Türkiyə vətəndaşlarının müraciətini diqqətə alan prokurorluq Fazıl Sayın bu ittihamla 18 ay həbsini istəyir.

Məhkəmə prosesində Fazıl Say ittihamları rədd edib və bəraətini tələb edib. Hakim isə əlavə faktlar toplanması üçün prosesi 14 fevrala qədər təxirə salıb.

Prosesin keçirildiyi vaxt isə yüzlərlə fəal məhkəmə qarşısında etiraz aksiyası keçiriblər. Onlar bu olayı hansısa dini dəyərlərə qarşı yox, birbaşa olaraq söz azadlığının boğulması kimi qiymətləndirirlər.