Dünya əhalisinin 1/8-i aclıq çəkir

Arxiv foto: Somalidə qaçqınlara yardım paylanır

Oktyabrın 16-sı Dünya Ərzaq günüdür. Bu günü qeyd etməkdə əsas məqsəd qlobal aclığa, kasıblığa diqqət çəkməkdir.

Bu dəfə həmin gün «kənd təsərrüfatı kooperativləri dünyanı yedirtmək açarıdır» devizi altında qeyd olunur.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ay hazırladığı hesabata görə, 2010-2012-ci illərdə dünyada 870 milyona yaxın adam, planet sakinlərinin 1/8-i doyunca yeməməkdən əziyyət çəkib.

Ac qalan adamların əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə yaşayır. İnkişaf etmiş ölkələrdə isə doyunca qidalanmayanların sayı 16 milyon nəfərdir.