Təhsil Nazirliyi qarşısında aksiyaçılarla polis arasında qarşıdurma olub [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

-
Təhsil Nazirliyinin qarşısındakı aksiya zamanı 65 nəfər saxlanıb, 20 polis xəsarət alıb.

Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin oktyabrın 5-də yaydığı birgə məlumatda belə deyilir.

Məlumata əsasən, 200 nəfərədək «radikal yönümlü dindar» müxtəlif istiqamətlərdən Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Aksiyaçıların polisin xəbərdarlığına önəm vermədikləri, vətəndaşlara məxsus onlarla avtomobilə ziyan vurduqları, aqressiv hərəkətləri nəticəsində nəqliyyatın hərəkətinin 40 dəqiqə ərzində pozulduğu bildirilir.

Məlumatda deyilir ki, aksiya iştirakçıları qabaqcadan hazırlanmış ucu mismarlı taxta parçaları və dəyənəklərlə polisə qarşı zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə 20 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə iş açılıb.

POLİSLƏR DƏ YARALANIB

Hicabla bağlı aksiyada 3 polis yaralanıb.

Bu haqda AzadlıqRadiosuna Klinik Tibbi Mərkəzdən deyiblər:

«Onlardan ikisi artıq buraxılıb, biri isə mərkəzdə müalicə alır».

Mərkəzə aksiya iştirakçılarından gətirilən olmadığı bildirilir.

APA isə yazır ki, aksiya zamanı Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırova da xəsarət yetirilib. O, xəsarətinin ağır olmadığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə AzadlıqRadiosuna bildiriblər ki, yaralılarla bağlı onlarda məlumat yoxdur. Bu haqda az sonra informasiya verə biləcəklər.

AKSİYAYA CƏHD

Təhsil Nazirliyi qarşısında bir qrup insan hicabla bağlı aksiya keçirməyə cəhd göstərib.

Onlar şagirdlərin məktəbə hicabla buraxılmasını tələb ediblər.

AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, bir qrup insan «Hicaba azadlıq!», «İslam qalib gələcək!» yazılmış plakatlarla nazirliyin qarşısına yürüş etmək istəyiblər. Bu zaman polis onları dayandırmağa başlayıb.

Aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub. Aksiya iştirakçıları polisə müqavimət göstəriblər.

Əməkdaşımızın müşahidələrinə görə, həm polisdən, həm də aksiyaçılardan xəsarət alanlara var.

Bundan başqa, bir neçə adamın saxlandığı deyilir.

AKSİYADAN FOTOLAR:

: