Pavel Grachev vəfat edib

Pavel Grachev

Rusiyanın keçmiş Müdafiə naziri Pavel Grachev (Pavel Qraçov) 65 yaşında, Moskvada yerləşən Vişnevskiy hərbi hospitalında vəfat edib. Bu barədə məlumatı hospital nümayəndələri yayıblar.

Grachevin ölüm səbəbi haqda hələ ki rəsmi məlumat yoxdur.

Kommersant qəzeti yazır ki, sentyabrın 12-də ağır vəziyyətdə hospitala gətirilən general dünən insult keçirib.

Pavel Grachevla vida mərasimi sentyabrın 25-də Rusiya Silahlı Qüvvələrinin Mədəniyyət Mərkəzində olacaq.

Grachev 1990-1991-ci illərdə SSRİ Hava Desant Qoşunlarının komandanı olub.

1992-ci ildə, SSRİ dağılandan sonra Yeltsin onu müdafiə naziri təyin edib. Onun adı Azərbaycanda daha çox respublikadan sovet qoşunlarının çıxarılması və Gəncə qiyamı ilə bağlı hallandırılır. Rusiyada isə Grachevu 1994-1996-cı illərdə Rusiyanın Çeçemistanda apardığı uğursuz müharibə ilə bağlı xatırlayırlar. 1996-cı ildə prezident seçkilərində siyasi gediş kimi Yeltsin Grachevu müdafiə naziri vəzifəsindən çıxarıb, hərbi sənaye kompleksinə rəhbər təyin etmişdi.

Əfqanıstan müharibəsində iştirakına görə Sovet İttifaqı Qəhrəmanı adını alan Pavel Grachev
SSRİ Silahlı Qüvvələrində diviziya, polk, vzvod, rota, batalyon komandiri olub.