Avropa Birliyinin kredit reytinqinin vəziyyəti neqativə dəyişir

Almaniya kansleri Merkel öz maliyyə naziri Schaeubleyə diqqətlə qulaq asır

Moody’s reytinq agentliyi Avropa Birliyinin uzun müddətli kredit reytinqini ən yüksək olan AAA səviyyəsində saxlasa da, vəziyyətə verdiyi qiyməti sabitdən neqativə dəyişib.

Agentlik bildirir ki, bu, Avropa Birliyinin əsas ölkələrinin, o cümlədən Britaniya, Fransa və Almaniyanın üzləşdikləri kredit riskləri ilə bağlıdır.

Moody’s Birliyin kredit reytinqini ən yüksək olan AAA səviyyəsində saxlamağını isə onunla izah edir ki, Birliyin büdcə gəlirlərinin 45 faizini verən 4 ölkənin- Britaniya, Fransa, Almaniya və Hollandiyanın kredit reytinqləri məhz AAA-dır.

İyul ayında Moody’s Almaniya, Hollandiya və Lüksemburqun kredit reytinqlərinə də qiyməti sabitdən neqativə dəyişib.

Avropa Birliyinin reytinqinin neqativə dəyişməsi xəbəri Avropa birjalarında səhmlərin qiymətini saldı, ancaq avroya elə bir təsir göstərmir.

Buna səbəb Avropa Mərkəzi Bankının sədri Draghinin cümə axşamı verəcəyi bəyanatdan gözləntilərdir.

Valyuta bazarları hökumət borclarının Avropa Mərkəzi Bankı tərəfindən alınması mexanizminin yeni detallarını elan ediləcəyini gözləyir.

Sentyabrın 3-də Draghi avrozona böhranı ilə mübarizədə hökumət borclarını Avropa Mərkəzi bankının alması kimi ziddiyyətli vasitəni bir daha müdafiə etdi.