Konsulluq əməkdaşları İranda həbs edilmiş şairlərlə görüşdülər

Fərid Hüseyn və Şəhriyar Hacızadə

Təbrizdəki Baş Konsulluğun əməkdaşları İranda həbsdə saxlanan Azərbaycan vətəndaşları Fərid HüseynŞəhriyar Hacızadə ilə görüşüb.

Bu haqda AzadlıqRadiosuna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Azərbaycanlı şairlər vitse-konsulla görüşdə bildiriblər ki, onlar İrana icazəsiz gəlməkdə ittiham olunurlar.
«Amma bu gənclər deyirlər ki, onlar İranda festivala dəvət olunublar və həmin festivalda iştirak üçün gəliblər».
İki ölkə arasındakı razılaşmaya görə, Azərbaycan vətəndaşları İrana vizasız getmək imkanına malikdirlər.
İki aydan çoxdur həbsdə saxlanan bu gənclərin saxlanma səbəbi ilə maraqlanan Azərbaycana cavab olaraq İran bu gənclərin «cinayətə təşəbbüsdə» ittiham olunduqlarını bildirmişdi. Bakının sorğularına detallı cavab verməmiş və konsulluq əməkdaşlarının Azərbaycan vətəndaşları ilə görüşünə imkan yaratmamışdı.
Elman Abdullayev vitse-konsulun gənc şairlərlə daimi saxlanmadığı məkanda - Təbrizdəki Mərkəzi Cəzaçəkmə Müəssisəsində görüşdüyünü, hər biriylə ayrı-ayrılıqda danışdığını bildirib.
AzadlıqRadiosunun «Həmin gənclər fiziki və ya psixoloji təzyiqlə üzləşiblərmi» sualına XİN rəsmisi belə cavab verib: «Bizdə belə məlumat yoxdur».
Elman Abdullayev onu da bildirib ki, baş konsulluq həmin gənclərə hüquqi dəstək verəcək.
Bundan başqa, Fərid Hüseyn və Şəhriyar Hacızadə iyulun 28-də doğmaları ilə görüşə bilərlər.

XİN rəsmisinin dediyinə görə, artıq bu məsələ İran tərəfi ilə razılaşdırılıb.