IV ixtisas qrupu üzrə qəbul imtahanları keçirilir

Arxiv foto

İyulun 27-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu gün eyni zamanda hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) də qəbul imtahanı keçirilir.

Respublikanın 6 şəhərində - Bakıda 16, Naxçıvanda 3, Gəncədə 3, Sumqayıtda 3, Şəkidə 2, Lənkəranda 1 binada keçiriləcək imtahana 1174 nəzarətçi-müəllim və 115 imtahan rəhbəri cəlb olunub. Bu il IV qrup üzrə 15408 abituriyent ərizə təqdim edib.

IV ixtisas qrupu üzrə sənəd verənlərin 14493 nəfəri Azərbaycan, 915 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9352 nəfərini oğlanlar, 6056 nəfərini isə qızlar təşkil edir. 7758 nəfər orta ümumtəhsil məktəblərinin builki, 5320 nəfər əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 45 abituriyent xarici ölkələrin vətəndaşıdır. 46 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 415 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənc isə 1997-ci ildəndir.

Bakıda 9197, Naxçıvanda 1626, Gəncədə 1762, Sumqayıtda 1340, Şəkidə 713, Lənkəranda isə 770 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.