Şəkidə məktəbə görə aksiya keçirdilər

Məktəbin həyətində aksiya, 24 iyul 2012

-
İyunun 24-də bir qrup Şəki sakini şəhərdəki 17 saylı məktəbin ərazisində aksiya keçirib.

Bu haqda AzadlıqRadiosuna aksiya iştirakçıları məlumat verib.

Onların bildirməsinə görə, aksiya keçirməkdə məqsədləri məktəbin başqa əraziyə köçürülməsidir.

Aksiya iştirakçılarından Mübariz Abdulkərimov deyir ki, 17 saylı məktəb zəlzələdən sonra qəza vəziyyətinə düşüyündən bir neçə ay öncə sökülüb:

«Aksiyanı keçirməkdə məqsədimiz odur ki, məktəb öz yerində tikilsin. 3-4 km aralıda tikmək istəyirlər. Zəlzələdən sonra bir neçə məktəbi sökdülər, öz yerində də yenisini tikirlər. Bizim məktəbi niyə köçürmək istəyirlər, başa düşmürük. Gediş var, gəliş var. Məktəbin 393 nəfər şagirdi var. Bunlarda layihə 650 nəfərlik məktəb salıblar. İndi bəhanə gətirirlər ki, 650 nəfərlik məktəb bu əraziyə yerləşmir. İstəsələr, yerləşər. Nə isə məqsədləri var».

Şəki rayon İcra Hakimiyyətindən isə bu aksiyaya hər hansı münasibət bildirmək istəmədilər. İcra hakimiyyətinin humanitar şöbəsindən bizə rayon təhsil idarəsi ilə əlaqə saxlamağı məsləhət bildilər. Rayon təhsil idarəsindən də suallarımıza cavab verilmədi.