Zamin Hacı. Boz dərələr

-

BOZ DƏRƏLƏR

Hərdən
böyük magistraldan düşüb
boz dağların arasıyla
sonu bilinməyən torpaq yolla
getmək istəyirəm.
Özü də bilirəm -
məni orda heç kim gözləmir…
Elektrik dirəkləri
adamlardan çox darıxırlar.
Bir gün onların
ürəyi partlayır
tənhalıqdan,
boz dərələrdə;
tozlu torpaq
və yovşan qoxusu içində.
Onları da canavar yeyir
bomboz dərələrdə.
Hərdən elektrik dirəklərini
əvəz eləmək gərəkdi.
Onda anlamaq olar
işıq xətlərini saxlayaraq
qaranlıqda, küləkdə
tənha durmaq nə deməkdi.
Bəlkə bir çoban alaçığı;
bəlkə bir tərəkəmə qızı,
dəvə dərisinin üstündə
sənin oğluna layla deyir,
heç vaxt doğulmayacaq oğluna,
heç vaxt bitməyəcək
torpaq yolun axırında.
(Hərdən çox yaxşıdı
belə şeyləri düşünmək...)
Mən böyük bir adam olsaydım
üzümü dağlara söykəyib
hönkür-hönkür ağlardım.