I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Arxiv foto

İyulun 20-də 33 min 533 abituriyent ali məktəblərə qəbul olmaq üçün imtahan verir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzadlıqRadiosuna verilən məlumata görə, I ixtisas qrupu üzrə sənəd verənlərin 30 min 803 nəfəri Azərbaycan bölməsinin, 2 min 730 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19 min 847 nəfərini oğlanlar, 13 min 686 nəfərini isə qızlar təşkil edir.

Abituriyentlərdən 18 min 818 nəfər orta ümumtəhsil məktəblərinin builki, 13 min 259 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

İmtahan üçün sənəd verənlərin 167-i xarici ölkələrin vətəndaşıdır. 123 abituriyent isə ikinci ali təhsil almaq üçün biliyini sınayacaq. Ali məktəblərə qəbul üzün imtahan verənlərin 1333-ü abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

İmtahanda iştirak edəcək ən yaşlı abituriyentin 56, ən gəncinin isə 15 yaşı var.

İmtahan altı şəhərdə - Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, Şəkidə, Lənkəranda keçirilir. Saat 11:00-də başlanacaq imtahan 3 saat ərzində davam edəcək.

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlərisə iyulun 24-dən 30-dək qabiliyyət imtahanı verməlidirlər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq.