Şamaxıdan keçən çaylarda daşqın olub

Arxiv foto

Şamaxı ərazisinə yağan leysan yağışlar çaylarda daşqınlara səbəb olub. APA-nın məlumatına görə, güclü külək və dolu ilə başlayan yağıntılar leysan yağışlarına keçib.

Sel suları yollara, həyətlərə və əkin sahələrinə ciddi ziyan vurub. Küçələrin asfalt örtüyün yuyan sel yolları keçilməz edib. Bəzi evləri su basıb. Həyətlərə dolan su ev sahiblərinə xeyli ziyan vurub. Şamaxının Minaxor küçəsində bir ev uçub. Uçmuş evin sakinləri müvəqqəti olaraq qonşu evlərdə məskunlaşıblar.

Rayonun ən ucqar kəndlərində güclü daşqınlar fəsadlarla yadda qalıb.

Sel suları dağ kəndləri olan Talışnuru, Dəmirçi, Zarat, Xeybəri, Qaleybuğurd, Sis, Keşmədin və Qaladərəsi kəndlərinə daha çox ziyan vurub. Qaleybuğurd, Sis, Keşmədin, Qaladərəsi kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Talışnuru və Qaleybuğurd kəndində vəziyyətin daha acınacaqlı olduğu bildirilir.