Böyük müğənni Qocalar Evində öldü

Evelyn Lear

Tanınmış amerikalı soprano Evelyn Lear iyulun 1-də 86 yaşında vəfat edib.

Xəbəri Associated Press yayıb.

Xanım Lear Merilend ştatındakı Qocalar Evində vəfat edib.

O, bir neçə ay öncə insult keçiribmiş.

Evelyn Lear (Evelyn Shulman) 1926-cı il yanvarın 8-də Nyu-Yorkda doğulub.

Nyu-York Universitetini və nüfuzlu Culiard Məktəbinin incəsənət və musiqi şöbəsini bitirib.

İkinci həyat yoldaşı bariton Tomas Stüartla (Thomas Stevart) da bu məktəbdə tanış olub.

Daha sonra Avropaya gedib. Berlin Ali Musiqi Məktəbində oxuyub.

Evelyn Lear şöhrəti də elə həyat yoldaşı ilə birlikdə getdiyi Avropada yaxalayıb. Vyana Opera Teatrında Alban Berg-in «Lulu» operasında yaratdığı Lulu obrazı onu tanıtdırıb.

Evelyn Lear Thomas Stewart-la birlikdə çıxış etməyə başlayıb. Klassik və müasir bəstəkarların əsərlərini ifa edib. Saysız qastrollarda olub. Nüfuzlu musiqi festivallarının mükafatını qazanıb. Şöhrəti dünyaya yayılıb.

1967-ci ildə Metropolitan Operada çıxış edib.

Arada səslə bağlı problemlər yaşayan müğənni müəyyən fasilədən sonra səsini bərpa edə bilib.

Pensiyaya çıxan cütlük Vaşinqtonda yaşayırmış və gənc istedadlar axtarışında imiş.
Thomas Stewart 2006-cı ildə vəfat edib.

Cütlüyün Associated Press-ə danışan oğlu Jan Stewart anasının özünü «oxuyan aktrisa» adlandırdığını söyləyib.

Oğul Stewart’ın fikrincə, məhz bu, anasının böyük müğənni olmasını şərtləndirib.