Azadlıq Abidəsi yerini dəyişib

Heykəlin orijinalı Nyu-Yorkdadır.

Fransadakı Azadlıq Abidəsi yerini dəyişib.

100 ildən çox «Lüksemburq bağı»nda qərar tutan abidə Parisdəki məşhur d'Orsay muzeyinə köçüb.

Bu, Azadlıq heykəlinin ilk «səfəridir».

Xəbəri muzeyin saytı yayıb.

İş orasındadır ki, ötən il bu abidənin əlindəki məşəl «Lüksemburq bağı»ndan oğurlanmışdı.

İndi əlinə yeni məşəl verilmiş, yaxşıca silib-təmizlənmiş abidəni d'Orsay muzeyində yenidən tamaşaçılara göstərəcəklər.

Muzeyin saytı rəhbərliyə dayanaraq əmin edir ki, heykəl burada daha yaxşı qorunacaq.

Parisdəki Azadlıq Abidəsi 1889-cu ildə fransız heykəltəraşı Frederic Auguste Bartholdi (1834-1904) tərəfindən yaradılıb.

Heykəltəraş cəmi 3 il əvvəl heykəlin orijinalını—Nyu-Yorkdakı dillər əzbəri olan Azadlıq Abidəsini yaratmışdı və Fransa bu 46 metrlik abidəni ABŞ-a hədiyyə etmişdi.

İndi d'Orsay muzeyində sərgilənəcək Azadlıq Abidəsi isə cəmi 3 metrdir və orijinalın surəti hesab edilir.

«Lüksemburq bağı»nda qoyulandan bəri d'Orsay muzeyi bu abidəni öz kolleksiyasına daxil etmək üçün mübarizə aparırdı. Ancaq hər dəfə Fransa Senatı heykəlin yerdəyişməsinə qarşı çıxırdı.

Axır ki, belə fürsət ələ düşdü. Abidənin əlindəki məşəl oğurlandı. Senat muzeyə bu icazəni verdi.

Parisdə Azadlıq Abidəsinin 4 surəti var. Onlardan ən böyüyü Eyfel Qülləsindəki Qu adasındadır.

Biri Sena çayının sağ sahilindəki barjada, başqa biri isə İncəsənət və Əl İşləri Muzeyindədir.

Dördüncünün taleyindən isə artıq xəbər tutdunuz.