Əli Həsənov: «Azərbaycan qaçqınlara 5,4 milyard dollar xərcləyib»

Əli Həsənov

İyunun 18-də Azərbaycanda Ombudsmanların X Bakı beynəlxalq konfransı işə başlayıb. İki gün davam edəcək konfransın mövzusu belədir: «Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi və imkanlar».

Konfransda 20 ölkədən 60 nümayəndə iştirak edir. Qonaqların əksəriyyəti Avropadan dəvət olunub.

Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova açılışda insan haqları ilə bağlı durumdan, qanunverici bazanın təkmilləşdirilməsindən danışıb. Həmçinin Azərbaycanın 11 Ombudsmanla ikitərəfli əməkdaşlığından söz açıb.

«İŞĞAL FAKTI OLMASAYDI»

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov isə Azərbaycan torpaqlarının işğalından, 1 milyon qaçqının vəziyyətindən danışıb. O deyib: «Azərbaycan 20 ildə qaçqınlara 5,4 milyard dollar xərcləyib. Həmin vəsaitin 3 milyardı büdcədən xərclənib, 1,4 milyard dolları Dövlət Neft Şirkəti, yerdə qalan 1 milyardı isə beynəlxalq təşkilatlar ayırıb».

Əli Həsənov deyib ki, 5,4 milyard dollar böyük vəsaitdir. «İşğal faktı olmasaydı həmin pullara böyük işlər görmək olardı».