Xatirə Nurgül. Stop kadr

Xatirə Nurgül


Şeirlər


STOP KADR

Olduqca kədərlidi
bir xanımın kafedə təkbaşına əyləşməsi,
təkbaşına içdiyi çay,
oxuduğu kitab...
Sonra təkbaşına ödədiyi hesab
və qapıdan çıxarkən
özünü həyata gülümsəməyə məcbur etməsi...


ETİRAF

Gizlət əllərini,
gizlət gözlərini,
gizlət səsini.

Yoxsa hələ də darıxdığımı,
darıxıramsa hələ də unutmadığımı,
unutmadımsa hələ də sevdiyimi
anlayacaq qədər varam.

Amma anlamayacaq qədər də
günahkaram
günahkaram…

Əllərini ciblərinə sal,
gözlərini yum,
sus, lütfən sus.

Xanımlar sevəndə kədərli olurlar…
Sevəcək qədər kədərliyəm,
kədərlənəcək qədər varam

sus, lütfən sus…


BƏLKƏ DƏ

Bəlkə də yazdığım son şeirdi bu,
aldığım son nəfəsdi,
yaşadığım son saat.

Üzüldüyüm
bunlar deyil amma.

Bu şeiri sənə yazdım-
bilmədin,
son nəfəsi səninçün alıram -
bilmirsən,
son saatı səni görməkçün yaşayıram-
bilməyəcəksən.

Və bir sual var
fikrimdə dolaşan-
sənmi bilmək istəmədin,
mənmi demədim...?