Baş redaktor narkotik maddədən istifadədə ittiham olunur

«Azadxeber.az» saytının baş redaktoru Nicat Əliyev həbs olunub. Jurnalist Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə - narkotik maddədən istifadə etməkdə ittiham olunur.

Onun vəkili Anar Qasımlı AzadlıqRadiosuna bildirib ki, Nicat Əliyev hazırda 1 saylı Kürdəxanı istintaq təcridxanasındadır. Müstəntiq vəkillərlə görüşdən yayındığı üçün hələlik məsələnin təfərrüatı bəlli deyil.

«Son günlər bir çox dindar polis tərəfindən saxlanılıb. Məndə olan məlumata görə, onların çoxu «Eurovision»la bağlı disk paylayan insanlardır. Hamısına qarşı da narkotiklə bağlı ittiham irəli sürülüb. Ümumi məlumata görə Nicat da bu məsələ ilə bağlı saxlanılıb. Onun narkotik istifadə etməsi ehtimalını yaxınları qəbul etmirlər. Hər halda yaxın günlərdə özü ilə görüşüb məsələni dəqiqləşdirəcəyik».

Nicat Əliyevin may ayının 20-si mülkü geyimli şəxslər tərəfindən saxlanıldığı bildirilir.

Hüquq-mühafizə orqanlarından hələlik məsələyə aydınlıq gətirmək mümkün olmayıb.