İran xarici ekspertləri özünün nüvə obyektlərinə buraxa bilər

Arxiv foto: İranın Buşehr nüvə zavodunun girişi. 12 sentyabr 2011-ci il.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru bildirir ki, İran onun mübahisəli nüvə obyektlərinə beynəlxalq ekspertlərin baxış keçirməsinə prinsipcə razılaşıb. Amma hələlik bu barədə konkret qərar qəbul edilməyib. Agentliyin direktoru Yukiya Amano Tehrana iki günlük səfərindən sonra - mayın 22-də Vyanada jurnalistlərə bildirib ki, yoxlama barədə İranla razılaşma yaxınlarda imzalana bilər, amma əvvəlcə daha bir neçə məsələni razılaşdırmaq lazımdır.

Qərb İranın nüvə proqramının silah düzəldilməsinə yönəldiyindən narahatdır, amma Tehran bu proqramının yalnız dinc məqsədlərlə bağlı olduğunu deyir.

İranın nüvə proqramı mayın 23-də Bağdadda da BMT Təhlükəsizlik Şurasının üzvləri və Almaniya ilə birlikdə müzakirə ediləcək.

İlkin məlumatlara görə Tehran özünün nüvə obyektlərinə beynəlxalq ekspertləri buraxmağın əvəzinə ona qarşı sanksiyaların aradan qaldırılmasını tələb edəcək.
Mayın 21-də Bağdadda səfərdə olan İranın nüvə danışıqlarındakı nümayəndəsi Saeed Jalil də Qərblə yeni əməkdaşlıq imkanlarının yarandığını deyib:

- İstanbulda biz yeni əməkdaşlığın bazasını yaratmağa razılaşmışıq. Ümid edirik ki, Bağddada da bu istiqamətdə müzakirələrimiz davam edəcək.

İran özünün qapalı saxladığı nüvə proqramına görə hazırda BMT-nin dördqat sanksiyaları altındadır. ABŞ və Avropa Birliyi ölkələri bundan əlavə də öz sanksiyalarını tətbiq ediblər.