Hicabı cırıldığına görə 5 milyon dollar alacaq

Amerikada telekommunikasiya şirkətində ayrıseçkiliklə üzləşən, “terrorçu” adlandırılan qadın məhkəməyə müraciət edib, rəhbərliyini külli miqdarda cərimələtdirib
Kanzas Citidən olan müsəlman qadın iş yerində hicabını cırdığına görə öz rəhbərini 5 milyon dollar cərimələtdirib.

Susann Bashir AT&T telekommunikasiya şirkətində şəbəkə üzrə mütəxəssis işləyib. Məhkəmə belə qərara gəlib ki, 2005-ci ildə İslamı qəbul edəndən sonra iş yerində Bashira qarşı ayrıseçkilik olunub, ona düşmən kimi yanaşıblar. Susann başını bağlayıb cümə namazlarına getməyə başlayandan sonra iş yerində rəhbərləri onu gözümçıxdıya salıblar.

6 illik iş stajı olan 41 yaşlı qadını “terrorçu” adlandırıblar, onu hər gün “cəhənnəm ol” sözləri ilə yola salıblar. Şirkətin meneceri dəfələrlə Susanndan başını açmasını tələb edib və hətta bir dəfə zorla onun başını açmaq istəyəndə qadının hicabını cırıb.

Reuters-in yaydığı məlumata görə, Bashir bu cür münasibətə görə stress keçirib və 9 ay ərzində işə çıxmayıb. Rəhbərlik isə bu fakta əsaslanaraq qadını işdən qovub.

Məhkəmə qərarına görə, AT&T şirkəti iddiaçıya məruz qaldığı ayrıseçkiliyə görə 5 milyon dollar kompensasiya ödəməlidir. Bundan əlavə, qadın işə çıxmadığı aylarda itirdiyi maaş və çəkdiyi digər xərclərə görə 120 min dollar alacaq.

AT&T şirkətinin nümayəndəsi Marty Richter isə qərardan şikayət verəcəklərini bildirib. Sözçü bildirib ki, AT&T şirkəti işçilər arasında müxtəlifliyə yer verən lider qurumdur və bununla fəxr edir.