Qadınlara ofisiant işləməyə icazə verildi

Foto: Arxiv

Fələstinin Qəzza sektorunda ilk dəfə bir qadın «Həmas» hakimiyyəti dövründə restoranda ofisiant işləməyə başlayıb.

İsrailin «Haaretz» qəzeti yazır ki, 24 yaşlı Ranad el Guz «Həmas»ın 2007-ci ildə Qəzzada hakimiyyətə gəlməsindən sonra ilk qadın ofisiantdır. O, Qəzzada dəniz sahilində yerləşən «A-Salam» restoranında işləyir.

«Həmas» hakimiyyətə gələndən sonra qadınlara qarşı bir-sıra ayrı seçkiliklər qoyurdu. Qadınların velosiped sürməsi, bərbərə getməsini qadağan edən qanunlarla yanaşı, qadınların işləməsinə mane olan «ailə qanunları» da var.

Almaniya hökuməti qəzzalı qadınlara ofisiantlığı öyrədən xüsusi bir layihə hazırlayıb. «Həmas» ən azı indilik bu layihəyə etiraz etmir.

3 il əvvəl Ranad el Guz ancaq qadınların olduğu məclislərdə ofisiantlıq edirdi. İndi türk restoranında kişi müştərilərə də xidmət edir.

Ranad deyir: «Atam xəstələnəndə ailəmə kömək etmək üçün bu işə girdim. Gecə evə gec qayıdanda bəzən ailəm narahat olur. Ancaq Qəzzada qadınların iş tapması asan deyil».

Ranad’dan sonra başqa qadınlar da ofisiantlıq işinə başlayıb. «El Derya» otelində işləyən 20 yaşlı Esmahan Nasir bəzi müştərilərin buna etiraz etdiyini bildirir. O deyir ki, hətta müştərilərdən biri ona qadın ofisiantın qəhvə gətirməsinə etiraz olaraq oteli tərk etmişdi.