Həkimlərin rüşvət üstündə tutulduğu bildirilir

Arxiv foto

Mayın 3-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi həkimlərin rüşvət alarkən yaxalanmaları haqda məlumat yayıb.

Məlumatda deyilir ki, 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Oktay Salamov və 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Bayram Xudaverdiyev ayrı-ayrılıqda Bakı şəhər sakinindən 3000 manat rüşvət tələb ediblər.

Həkimlərin hər ikisinin rüşvət alarkən yaxalandıqları deyilir.

Faktlara əsasən Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Bu ittihamı məhkəmə də haqlı saysa, adı çəkilən şəxslər əmlakı müsadirə olunmaqla 4 ildən 8 ilə qədər müddətə azadlıqdan məhrum edilə bilərlər.

Amma hələlik Oktay Salamov və Bayram Xudaverdiyevin yaxınları, ya da vəkillərinin bu ittihamlarla bağlı mövqeyi səslənməyib.