«Texnikabank» əməkdaşı həbsdə qaldı

Vəkil Əshabəli Mustafayev

Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsində keçirilən qapalı prosesdə vəkillər «Texnikabank»ın Yasamal filialının müdir müavini Elnur Seyidov barəsində çıxarılan həbs qərarının dəyişdirilməsini istəyiblər. Məhkəmə şikayəti təmin etməyib.

Bu barədə AzadlıqRadiosuna Elnur Seyidovun vəkili Əshabəli Mustafayev məlumat verib. Vəkillər Səbail rayon Məhkəməsinin Elnur Seyidov barəsində çıxardığı üç aylıq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsini istəyiblər.

Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır. Onu martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. Bank əməkdaşı Cinayət Məcəlləsinin dələduzluq maddələri ilə ittiham olunur.

Elnur Seyidov isə ittihamları qəbul etmir, həbsini siyasi məsələ sayır.

Onun hüquqlarını 3 vəkil müdafiə edir.

ETİBAR ƏLİYEVİN HƏBSİ TƏSDİQLƏNDİ

Etibar Əliyev

Vəkil Əshabəli Mustafayev deyir ki, məhkəmədə iştirak edən MTN nümayəndələri «Texnikabank»ın Müşahidə Şurasının sədri Etibar Əliyevin həbsini təsdiqləyiblər:

«Mən dedim ki, Etibar Əliyev bu iş üzrə əsas təşkilatçı, təhrikçi və təqsirləndirilən şəxs sayılır. Amma mətbuat onun azadlığa buraxıldığını yazır. Prokuror Tahir Əliyev və MTN-in nümayəndəsi bildirdilər ki, Etibar Əliyev barəsində də üç aylıq həbs qətimkan tədbiri seçilib və o, hazırda həbsdədir. O da məlum oldu ki, Etibar Əliyev həbs qətimkan qərarının dəyişdirilməsi və buraxılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib, amma şikayəti təmin olunmayıb. Sonra həbsin ev dustaqlığı ilə əvəzlənməsi üçün şikayət verib, bu da təmin olunmayıb».

Əshabəli Mustafayev deyir ki, onlar Elnur Seyidovun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi üçün yaxınlarda yenidən məhkəməyə müraciət edəcəklər.

Vəkil müdafiə etdiyi şəxsin ağır xəstə olduğunu və 2007-ci ildən mütəmadi müalicə aldığını bildirir.