Sukuk – şəriətə ziddir?

İqtisadçılar İslam istiqraz vərəqələrini borc məhsuluna bənzədirlər
Londonun Ethical Asset Management (Səhmlərin etik idarəetməsi) şirkəti dünyada ilk dəfə olaraq “investisiya sukuk”larını buraxmağa başlayıb. Firma bunun köməyilə artıq bu ilin sonuna kimi 200 milyon funt (təxminən 320 milyon dollar) qazanc əldə etməyi planlaşdırır. Şirkət bildirir ki, sukuk – adi istiqraz deyil, bu, şirkətdə pay alətinin bir növüdür.

Lakin bir çox İslam alimləri hesab edir ki, sukuku müsəlmanlara tam uyğun sistem saymaq olmaz. Çünki bu sistemdə sukuk üzrə ödənişlər faiz ödənişlərini xatırladır ki, bu da şəriətə görə qadağandır. Onlar sukuku maliyyə bazarında mövcud olan adi borc məhsuluna - bondlara bənzədirlər.

Reuters agentliyinin yaydığı xəbərə görə, Ethical Asset şirkəti isə artıq investisiya sukuklarını satışa çıxarıb. Elan edilib ki, proses zamanı sərmayədarlar gəlir əvəzi olaraq səhmləri özəlləşdirmiş olacaqlar. Bu da borc məhsulu yox, pay məhsulu kimi qiymətləndirilməlidir.

Proqnozlara görə, proyekt üzrə illik təmiz gəlir 4-6 faiz təşkil edəcək. İstiqrazların satışından əldə edilən vəsait Böyük Britaniyada yüksək gəlirli bir yaşayış massivinin tikintisinə sərf olunacaq.

Sukuk – faizsiz kredit növü də adlandırırlar. Burada depozit sahiblərinə faiz əvəzinə digər formalı ödənişlər verilir. Bu alət investorlara əsas aktivlərə mülkiyyət hüququ verir və investorlar bundan gəlir əldə edir.