Prezident plagiatlığa görə istefa verdi

Pal Schmitt

Macarıstan prezidenti Pal Schmitt doktorluq dissertasiyasının müdafiəsi ətrafında yaranan qalmaqala görə istefa verib.

Bundan əvvəl Budapeşt Universiteti prezidentin 1992-ci ildə yazdığı doktorluq işinin başqa dillərdə olan elmi əsərlərdən köçürülmə olması barədə iddiaları haqlı saymış və dövlət başçısını aldığı elmi tituldan məhrum etmişdi.

69 yaşlı Schmitt qılıncoynatma üzrə olimpiya çempionudur.

Onun elmi işi olimpiya oyunları haqdadır

Schmitt həmin işi Macarıstanın Olimpiya Komitəsinin sədri olarkən yazıb.

O həmin vəzifədə 1990-cı ildən 1993-cü ilə qədər çalışıb, daha sonra diplomatik fəaliyyətə keçib.

Plagiatlığın təsdiqləndiyi rəydə deyilir ki, prezidentin 215 səhifəlik doktorluq işinin 200 səhifəsi ya başqa elmi işlərlə "qismən oxşarlığa malikdir, ya da sözbəsöz tərcümədir".

Prezident son günlərə qədər plaguatlıq iddialarını rədd edirdi.

Prezidentin kimdən oğurluq etdiyi iddia olunur?

Söhbət bolqar mütəxəssisi Nikolay Georgiev-in 1987-ci ildə yazdığı doktorluq dissertasiyasından gedir.

İddialara görə, Pal Schmitt onun əsərini qarşısına qoyaraq başdan-ayağa köçürüb.

İlk əvvəl prezidentin ofisi bu iddianı rədd etmişdi.

Bildirmişdi ki, Pal Schmitt ilə Georgiev dost olublar və eyni elmi mənbələrdən istifadə ediblər.

Amma sonradan Georgievin qızı bu fikri təkzib etdi

Bundan başqa Pal Schmitt-i alman mütəxəssis Klaus Heinemann-in 1991-ci ildə yazdığı elmi işdən də 17 səhifə oğurlamaqda ittiham ediblər.

Yanvarın 17-dən bəri – yəni plagiatlıq ittihamı irəli sürüləndən bəri müxalifət prezidenti dərhal istefa verməyə çağırırdı.

Pal Schmitt 2010-cu ildə prezident seçilib.

Ölkə konstitusiyasına görə Macarıstanda prezident simvolik xarakter daşıyır.