Murakaminin məşhur romanı – Günel Mövludun tərcüməsində!

.
“Qanun” nəşriyyatı tanınmış yapon yazıçısı Haruki Murakaminin “Norveç meşəsi” romanını Azərbaycan dilində çap edib.

Əsəri Günel Mövlud çevirib.

Əsər ötən əsrin 60-cı illərində, bütün dünyada olduğu kimi Yaponiyada da gənclərin azad seks tələbləriylə kəskin etirazları başlayan dövrdən bəhs edir.

…Axşamlar mən musiqi valları satırdım. Boş vaxtım olanda dalğın-dalğın vitrin qarşısından keçənlərə baxırdım. Ailələr, cütlüklər, yakudzalar, mini ətəkli şən qızlar, tutamsaqqallı oğlanlar, barda işləyən qadınlar və başqa qəribə insanlar…

Rok səsləndirən kimi, hippilər və avaralar dükanın qabağına yığışırdı – bəziləri musiqiyə uyğun rəqs eləyir, kimi narkotik iyləyir, kimisi də eləcənə asfaltın üstündə otururdu.

Mən daha heç nəyi anlamırdım. “Bu nədi axı? Bu adamlar belə eləməklə nə demək istəyirlər?"

Əsər 1987-ci ildə yazılıb və Yaponiyada gənclər arasında çox populyarlaşıb.

2010-cu ildə Vyetnam əsilli Fransa rejissoru Trần Anh Hùng əsər əsasında eyni adlı film də çəkib.

2011-ci ildə ABŞ-da - New Jersey-də yerləşən ali məktəbdə bəzi valideynlərin şikayətindən sonra əsər tələbələrə yay tətili üçün tövsiyə edilən kitablar siyahısından çıxarılmışdı.

Şikayət əsərdə lesbiyan sevgisinin təsviri ilə bağlı idi.