İran Azərbaycana xəbərdarlıq etdi

Foto: Arxiv

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov fevralın 28-də bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat verir.

Məlumatda qeyd olunur ki, səfirdən Azərbaycanın İsraildən milyard yarım dollar dəyərində silah alması barədə məlumatlara aydınlıq gətirməsi istənilib.

İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi Azərbaycan ərazisindən İrana qarşı atıla biləcək istənilən addımın yolverilməzliyi haqqında səfiri xəbərdar edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi də bu məsələyə münasibət bildirib. Nazirliyin sözçüsü Elman Abdullayev «APA»ya bildirib ki, Azərbaycan xarici siyasətini müstəqil, balanslaşdırılmış şəkildə həyata keçirir:

«Biz həmişə mehriban qonşuluq prinsipinə önəm veririk. Bu siyasət hörmətlə qarşılanmalıdır».

E.Abdullayev deyir ki, Azərbaycan ərazisinin 20 faizi işğal altında olduğundan ölkənin silah almaq hüququ var:

«Azərbaycanın haqqı var ki, öz torpaqlarını qaytarsın. Bizim mövqeyimiz hər zaman beynəlxalq hüquqa əsaslanıb».