Bakıda temperatur mənfi 10 dərəcəyə düşəcək

Foto: Arxiv

Fevralın 7-dən Azərbaycana növbəti soyuq atmosfer kütlələrinin daxil olması nəticəsində hava şəraiti yenidən dəyişəcək.

Ən kəskin hava şəraiti ayın 8-də müşahidə olunacaq.

Bu barədə «APA»ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib:

«Fevralın 7-də Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, şimal qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir. Gecə və gündüz saatlarında 0-3 dərəcə şaxta olacaq. Axşama doğru temperaturun mənfi 5-7 dərəcəyə enəcəyi gözlənilir. Yollar yenidən buz bağlayacaq».

U.Tağıyeva deyir ki, fevralın 8-də hava şəraiti daha da kəskinləşəcək. Hava şaxtalı olacaq, şimal-qərb küləyi daha da şiddətlənəcək. Fasilələrlə qar yağacaq, çovğun ehtimalı var:

«Ayın 7-dən 8-nə keçən gecə və 8-dən 9-na keçən gecə, habelə səhər erkən saatlarında 6-10 dərəcə şaxta olacaq. Ayın 8-də gündüz 3-5 dərəcə şaxta müşahidə olunacaq. Yollar buz bağlayacaq».

U.Tağıyeva bildirib ki, fevralın 9-da gündüz saatlarında yağıntılarda fasilələrin olacağı, küləyin mülayimləşəcəyi gözlənilir.

O, havanın kəskin dəyişməsinin səbəblərini də izah edib:

«Bütün Avropanı əhatə edən çox soyuq Sibir antisiklonunun təsiri hələ də Azərbaycanda qalmaqdadır. Həmin Sibir antisiklonu bütün Avropada, eyni zamanda Azərbaycanda da hava şəraitinin bu cür şaxtalı keçməsinə səbəb olur».