Türkiyə Peyğəmbərin 3 telini Çeçenistana bağışladı

Bu müqəddəs saç tellərini Ərdoğan Kadırova bağışlayıb

Ramazan Kadırov müqəddəs hədiyyəni göz yaşları ilə qəbul edib
Türkiyənin baş naziri Recep Tayyip Erdoğan Məhəmməd Peyğəmbərin üç saç telini Çeçenistana bağışlayıb. Bu haqda Rusiyanın RİA Novosti agentliyi məlumat yayıb.

Xəbərə görə, bu səhər müsəlmanlar üçün qiymətsiz sayılan bu hədiyyə xüsusi reys ilə İstanbuldan Qroznıya çatdırılıb. Təyyarəni Çeçenistan prezidenti Ramazan Kadırovun başçılığı ilə 10 mindən çox insan qarşılayıb. Hədiyyəni qəbul edərkən Kadırov göz yaşlarını saxlaya bilməyib.

Ramazan Kadırov göz yaşlarını saxlaya bilməyib

Sonradan müqəddəs əşyanın Qroznıya gətirilməsi ilə əlaqədar paytaxtın mərkəzi məscidində dini ayin yerinə yetirilib. Qarşılanma, həmçinin dini mərasim Qroznı peyk kanalı ilə birbaşa yayımlanıb.

Bu, bir həftə ərzində Çeçenistana gətirilən peyğəmbərin ikinci saç telidir. İndiyə qədər eksponat məşhur “Topqapı” muzeyində saxlanılırdı. Türkiyədəki çeçen diasporunun xahişi ilə qiymətli xatirə Peyğəmbərin mövlud günü ərəfəsində Qroznıya bağışlanıb. Bundan əvvəl - yanvarın 26-da Özbəkistandan da peyğəmbərə məxsus olduğu bildirilən saç Çeçenistana göndərilmişdi.

2011-ci ilin sentyabrında isə Məhəmməd Peyğəmbərə aid olduğu sayılan digər təbərrük əşyalar Kadırova çatdırılmışdı. Həmin vaxt Londondan Məhəmməd Peyğəmbərin istifadə etdiyi qab və onun qəbrinin üstünə salınan iki xalça hədiyyə olunmuşdu.