"Eurovision" suvenirləri tezliklə satışa çıxarılacaq

Eurovision 2012-nin aksessuarları tezliklə satışa çıxarılacaq

Bu xəbəri “Eurovision.az” saytı yayıb.

Xəbərdə bildirilir ki, Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi edən hər bir ölkədə olduğu kimi, bu il Azərbaycanda da müsabiqəylə bağlı xüsusi aksessuarlar satışa çıxarılacaq.

Eurovision Mahnı Müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri (Sietse Bakker) eurovision.az saytına açıqlamasında bildirib ki, «Light your fire» şüarı altında keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsi ilə bağlı müxtəlif aksessuarların hazırlanması prosesinə başlanılıb.

Sietse Bekker deyib: “Müxtəlif keyfiyyətdə və fərqli qiymətlərə olan məhsullar üzərində iş gedir. Satışa çıxarılacaq aksessuarlar hər bir şəxsin büdcəsinə uyğun olacaq. Bu aksessuarlar tezliklə satışa çıxarılacaq”.

Sietse Bekker əlavə edib ki, müsabiqə yaxınlaşdıqca Bakının müxtəlif yerlərində aksessuarların satış nöqtələri fəaliyyətə başlayacaq.

Eurovision yetkilisi müsabiqənin keçiriləcəyi «Bakı Kristal Zal»ın daxilində də aksessuarların satışının təşkil olunacağını vurğulayıb.